Biography:
Elmira Xalıq qızı Hidayətova 8 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub.
1992-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili teatr aktyorluğu” fakültəsini bitirib.
1 may 1992-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında xor artisti vəzifəsində işləyib. Səs tembri metso-soprano olan aktrisa teatrda işlədiyi müddət ərzində “O, olmasın, bu olsun”, “Hələlik”, “Bankir adaxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət oyunu”, “Qırmızı papaq”, “Şən dul qadın”, “Əlin cibində olsun”, “Məsmə xala dayımdır”, “Maritsa”, “Talelər qovuşanda”, “Volqalı canan”, “Silva”, “Bəydullanın möhtəşəm toyu”, “Çılğın Qasqoniyalı”, “Bir günlük siğə”, “Aldın payını, çağır dayını”, “Şeytanın yubileyi”, “10 min dollarlıq keyf”, “Nəğməli könül”, “Dəli dünya”, “Gülmək qadağandır”, “Bir saat xəlifəlik”, “Qadınsız yaşamaq olmaz” kimi tamaşalarda iştirak edib.
Xor artisti kimi öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, işinə peşəkarlıqla yanaşıb.
O, “Hərənin öz payı - tayı” (2006, tammetrajlı bədii film), “Bəylik dərsi və ya keçmişdən gülməcələr...” (2007, tammetrajlı film-tamaşa) filmlərində də özünəməxsus ifa nümayiş etdirib.
Elmira Hidayətova ömrünün sonuna qədər Musiqili Teatrda yaradıcılıq fəaliyyətini davam etdirib.
Aktrisa 14 iyul 2019-cu ildə vəfat edib.