Biography:
Heydər Əlirza oğlu Əliyev (10 may 1923, Naxçıvan, Naxçıvan Muxtar Diyarı – 12 dekabr 2003, Klivlend, Ohayo) — Azərbaycan siyasi və dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969–1982). Azərbaycan Respublikasının üçüncü Prezidenti (1993–2003).
Heydər Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub. 1944-cü ildə 1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilib. O, 1949–1950-ci illərdə Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqrad şəhərində yerləşən Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil alıb, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi vəzifəsinə təyin olunub. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib.
1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub, 1974–1979-cu illərdə isə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. Heydər Əliyev 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilib və eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunub. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq, Heydər Əliyev 1987-ci ilin oktyabrında tutduğu vəzifələrdən istefa verib.
1993–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti vəzifəsini icra edib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar namizədliyini İlham Əliyevin xeyrinə geri götürüb. 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend Klinikasında vəfat etmiş və dekabrın 15-də Bakıda, Fəxri xiyabanda dəfn olunub.
H. Əliyev beş dəfə keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı Ulduz ordeni ilə, çoxsaylı medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin müxtəlif ölkələrin ali mükafatlarına, nüfuzlu ali məktəblərin fəxri adlarına layiq görülüb.
Heydər Əliyev Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində onun xidmətləri böyükdür. 1993-cü ildə o, prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub və mühüm dövlət təsisatları yaradılıb. Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilib. 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalanıb. Azərbaycanın ilk konstitutsiyası qəbul edilib, parlament seçkiləri baş tutub. Onun təşəbbüsü və səyi nəticəsində Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən "Əsrin müqaviləsi" adlanan neft sazişi imzalanıb.