Biography:
Fariz Asif oğlu Əhmədov Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sənətşünaslıq fakültəsinin “ədəbi yaradıcılıq və ekran dramaturgiyası” ixtisasında (2001-2005), Ümümrusiya Dövlət Kinematoqrafiya Universitetinin (VGİK) kinorejissorluq ixtisasında (2010-2012, Aleksandr Proşkinin emalatxanası), Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisasının magistraturasında təhsil alıb.
ANS TV-də rejissor (2005-2006), “Azanfilm” cizgi filmləri studiyasının direktor-bədii rəhbəri (2012-2015), AzTV-də rejissor (2006-2018), Bakı Media Mərkəzində prodüser (2018-2020), “Azərbaycanfilm” kinostudiyasının direktoru (2020-2022) olaraq çalışıb. Hazırda Bakı Media Mərkəzinin prodüseridir.
Pedaqoji fəaliyyətlə məşğuldur, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasından dərs deyir (2015-ci ildən).
Bakı Beynəlxalq Turizm Filmləri Festivalının təsisçisi və icraçı direktoru olub (2013-2014). Müxtəlif ölkələrdə keçirilən prodüser, rejissor və dramaturgiya ustad dərslərində və beynəlxalq festivallarda iştirak edib, nüfuzlu mükafatlara layiq görülüb.
2015-ci ildə Azərbaycan Kino Akademiyasının “Ən yaxşı sənədli film” nominasiyasında “Əriyən ada” filminə görə “Qızıl Pəri” Peşə mükafatı alıb. 2018-ci ildə isə “Əbədi ezamiyyət” filmi ilə “Ən yaxşı sənədli film” və “Ən yaxşı rejissor işi” (sənədli filmdə) nominasiyasında yenidən bu mükafata layiq görülüb.