Biography:
Əzimov Aydın Kərim oğlu (Aydın Əzim Kərimoğlu) 1946 cı il may ayının 1-də Bakı şəhərində neft mühəndisi ailəsində anadan olmuşdur. 1960 cı ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin “nəzəriyə” şöbəsinə daxil olaraq, 1964 də təhsilini bitirmişdir. Həmin il Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Bəstəkarlıq” fakultəsinə daxil olmuş, akademik Qara Qarayevin sinifində oxumuşdur. 1972 ci ildə təhsilini bitirmişdir. 1976 cı ildən Azərbacan Bəstəkarlar İttifaqının üzvüdür. Bir sıra simfonik əsərlərin və kamera musiqisi, teatr və kino musiqisi, mahnı və romansların müəllifidir. Aydın K. Əzim Üzeyir Hacıbəyovun Azərbaycan Respublikası Dövlət Himnini bərpa etmiş və işləmişdir. 1968-1996 cı illərdə Azərbaycan Dövlət teleradio Komitəsində çalışmış və Radionun Musiqi verilişləri Baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, Radionun səsyazma Evində səs rejissoru, baş rejissor, Azərbaycan teleradio Komitəsi Bədii kollektivlərinin və səsyazma Evinin müdürü, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir. 1996 cı ilin sonunda Türkiyə Respublikası Mersin Universitetinin Dövlət Konservatoriyasına dəvət olunmuş və orada 2005 ci ilə qədər çalışmışdır. Konservatoriyanın “Bəstəkarlıq” fakultəsini təşkil etmişdir. 2005 ci ilin sonundan etibarən Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasında professor olaraq fəaliyyətini dəvam etməkdədir. Aydın K. Əzim həmçinin Musiqi Akademiyasının elmi laboratoriyasının fəal əməkdaşıdır, dini musiqi, aşıq musiqisi və muğam üzrə elmi araşdırmalar aparır və buna aid bir çox kitabların və məqalələrin müəllifidir. Aydın K. Əzim Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimidir.